Ukraynanın Milli Antikorrupsiya Bürosunun (NABU) detektivləri ölkənin baş prokurorluğu ofisindəki prokuror və vəkillərin ev və iş yerlərində axtarışlar aparırlar.
DenMedia.az xəbər verir ki, NABU-nun Telegram kanalında yayılan məlumata görə, büro əməkdaşları Xüsusiləşdirilmiş Antikorrupsiya Prokurorluğu (SAP) ilə birgə 3,5 milyon dollarlıq rüşvət təklifi ilə bağlı prokuror və bir neçə vəkili ifşa ediblər.
Məlumata əsasən, vəkillər və prokuror NABU-nun istintaqında olan bir iş üzrə şübhəli şəxsə işin bağlanması qarşılığında rüşvət təklif ediblər. Rüşvət SAP prokurorlarına və Ali Antikorrupsiya Məhkəməsinin hakimlərinə çatdırılmalı imiş.
Bir neçə ay ərzində Baş Prokurorluğun əməkdaşları bu “saziş” çərçivəsində 200 min dollar alıblar, həmin məbləğ guya hakimlərə ötürülməli idi.
Baş Prokurorluq ofisi axtarışların aparıldığını təsdiqləyib, lakin prokurorun korrupsiya sxeminə birbaşa aidiyyəti “dəqiq müəyyən edilməyib” və iş yerində axtarışların aparılmasını “əsassız” adlandırıb.