Avqustun 4-də Azərbaycan və Ermənistan liderlərinin ABŞ-da bir araya gələcəyi və burada sülh sazişinin imzalanacağına dair yayılan məlumatlar, həmçinin Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın Rusiya ilə müharibənin sona çatması üçün real şansın yarana biləcəyi barədə açıqlaması, beynəlxalq siyasi arenada diqqət çəkən inkişaflardır. ABŞ-ın yaxından izlədiyi bu iki regionda münaqişə tərəfləri ilə bağlı eyni məzmunlu məlumatların yayılması siyasi analitiklər tərəfindən maraqla qarşılanır.
Hər iki münaqişənin həlli üçün Ağ Evin bir həftə ərzində sülh sazişinə nail olmaq cəhdləri nə dərəcədə mümkündür? Bu sualın cavabı, münaqişələrin mürəkkəb təbiətini və tərəflərin əvvəlki müzakirələrdəki mövqelərini nəzərə alaraq, birmənalı deyil.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Denmedia.az-a açıqlamasında bildirib ki, Ukrayna və Rusiya arasında potensial müsbət irəliləyişlər də diqqəti cəlb edir. Andrey Yermakın açıqlaması, Ukrayna rəhbərliyinin müharibənin sona çatması üçün konkret addımların atılması istiqamətində ümidverici bir mesajdır. Bu irəliləyişlərin həyata keçirilməsi üçün ABŞ və digər beynəlxalq oyunçuların fəal şəkildə iştirak etməsi və tərəflər arasında dialoqun dəstəklənməsi zəruridir. Eyni zamanda Azərbaycan və Ermənistan arasında sülh sazişi də real görsənə bilər.
Ümumilikdə, Ağ Evin hər iki münaqişəni eyni həftədə həll etməsi çətin bir vəzifədir, lakin bu cəhdlərin sülhə doğru atılan addımların başlanğıcı ola biləcəyinə dair ümidlər də mövcuddur. Beynəlxalq ictimaiyyət, bu proseslərin uğurla nəticələnməsini gözləyir və tərəflərə dəstək verməyə hazırdır.
Ellada Rəsul
Denmedia.az