Çin alimləri elektromaqnit dartı sistemi ilə işləyən vaqon-platformanı cəmi iki saniyə ərzində 700 km/saat sürətə çatdıraraq dünya rekordu müəyyən ediblər. Bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilir ki, maqnit levitasiyası texnologiyası üzərində tədqiqatlar 10 il davam edib. Sınaq zamanı platforma 400 metrlik test sahəsində göstərilən sürətə qədər sürətləndirilib, daha sonra isə təhlükəsiz şəkildə dayandırılıb.
“Bu nəticə elektromaqnit nəqliyyat texnologiyaları sahəsində dünya miqyasında rekord hesab olunur,” — deyə məlumatda qeyd olunub.
Uğurlu eksperiment Çinin Müdafiə Elmi-Texniki Universitetinin tədqiqatçıları tərəfindən həyata keçirilib. Alimlərin fikrincə, əldə olunan nəticələr gələcəkdə ultrasürətli yerüstü və vakuum nəqliyyatının yaradılması üçün yeni imkanlar açır.
Eyni zamanda bu texnologiya aerokosmik sənaye üçün sınaq platforması kimi də istifadə oluna bilər və yüksək sürət rejimlərində texnikanın davranışını yoxlamağa imkan verəcək.

