Tanzaniyada Kilimancaro dağında xilasedici helikopter qəzaya uğrayıb, hadisə nəticəsində göyərtədə olan beş nəfərin hamısı həlak olub. Bu barədə AP agentliyi polisə istinadən məlumat yayıb.
Qəza 24 dekabr axşamı, dəniz səviyyəsindən 4 min metrdən artıq yüksəklikdə baş verib. Helikopter sağlamlıq vəziyyətinə görə təxliyə edilməli olan iki xarici turisti götürdükdən sonra geri dönüş zamanı qəzaya uğrayıb.
Faciə nəticəsində turistlərlə yanaşı yerli həkim, bələdçi-instruktor və pilot da həyatını itirib.
Qəzaya uğrayan helikopter tibbi evakuasiya xidmətləri göstərən “Kilimanjaro Aviation” şirkətinə məxsus olub. Şirkət hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Tanzaniya Mülki Aviasiya İdarəsi isə bildirib ki, qəzanın səbəbləri araşdırılır.
“Hadisənin başvermə səbəbləri ilə bağlı istintaq başladılıb,” — deyə qurumdan qeyd olunub.
AP-nin vurğuladığına görə, Kilimancaro ərazisində aviasiya qəzaları nadir hallarda baş verir. Son belə hadisə 2008-ci ilin noyabrında qeydə alınmış, nəticədə dörd nəfər həlak olmuşdu.

