ABŞ Venesuelanı öz maraqları naminə idarə edəcək, ölkənin neftindən və digər resurslarından istifadə olunacaq. Bu barədə ABŞ Prezidenti Donald Tramp New York Post qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Venesuelada seçkiləri keçirə biləcək yetərli müxalif lider yoxdur.
“Biz ölkəni qanun və asayiş çərçivəsində idarə etməliyik. Mövcud iqtisadi resurslardan — qiymətli neftdən və digər dəyərli ehtiyatlardan öz maraqlarımız üçün istifadə edəcək şəkildə idarə etməliyik”, — deyə Tramp Venesuelada seçkilərlə bağlı suala cavabında qeyd edib.
ABŞ lideri bildirib ki, Venesueladakı müxalif namizədlər seçkilərdə qalib gəlmək üçün kifayət qədər ictimai dəstəyə malik deyillər.
Trampın fikrincə, Venesuelada prezident seçkilərinin keçirilməsi ikinci dərəcəli məsələdir, çünki ölkə iqtisadi çöküşə doğru gedir. O, Venesuelanı “iflas astanasında olan üçüncü dünya ölkəsi” adlandırıb.
Xatırladaq ki, 3 yanvar tarixində ABŞ Silahlı Qüvvələri Venesuelaya zərbələr endirib. Partlayışlar paytaxt Karakasda, eləcə də Fort-Tiuna hərbi bazasında qeydə alınıb. Hədəflər arasında La-Karlota aviabazası, El-Vulkan rabitə stansiyası, La-Quayra limanı və digər strateji obyektlər də olub.

