Fransanın Milli Assambleyası (parlamentin aşağı palatası) nikahda cinsi münasibətlərə dair hər hansı məcburiyyətin olmadığını açıqlayan qanun layihəsini təsdiqləyib. Bu barədə AFP məlumat yayıb.
Bildirilib ki, təşəbbüsün əsas məqsədi Mülki Məcəllədə mövcud olan qeyri-müəyyənliyi aradan qaldırmaqdır. Qanunvericiliyə görə nikahda dörd əsas öhdəlik var: yardım, dəstək, sədaqət və birgə yaşayış. Məcəllədə cinsi münasibətlərlə bağlı ayrıca öhdəlik nəzərdə tutulmur. Lakin əvvəlki məhkəmə təcrübəsində “birgə yaşayış” anlayışına cinsi münasibətlər də daxil edilirdi ki, bu da “ər-arvad borcu” anlayışının qorunub saxlanmasına səbəb olurdu.
Qanun layihəsinin müəlliflərindən biri olan deputat Mari-Şarlott Garin bildirib:
“Bu anlayış həm hüquqda, həm də insanların şüurunda aradan qalxmalıdır. Nikah elə bir məkan ola bilməz ki, orada cinsi münasibətlərə razılıq avtomatik, dəyişməz və ömürlük hesab edilsin.”
Qanun layihəsi indi parlamentin yuxarı palatası — Senata göndəriləcək. Deputatlar sənədin yay aylarınadək qəbul ediləcəyinə ümid edirlər.

