Şənbə günü, 31 yanvar tarixində İranın cənub və mərkəz bölgələrində azı dörd güclü partlayış qeydə alınıb. Yerli KİV-in məlumatına görə, partlayışlar Təbriz, Bəndər-Abbas, Əhvaz, Qəsr-e Şirin, Abadan və Parand şəhərlərində baş verib.
Ən ağır nəticələr Bəndər-Abbas şəhərində qeydə alınıb. Burada səkkizmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində tikili ciddi zərər görüb, sakinlər təxliyə edilib. İlkin məlumatlara görə, 4 nəfər ölüb, 10 nəfər xəsarət alıb, lakin bu rəqəmlər hələ rəsmi şəkildə təsdiqlənməyib.
İraq sərhədinə yaxın Əhvaz şəhərində baş verən başqa bir partlayışda da 4 nəfərin həyatını itirdiyi bildirilir.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hərbi obyektlərə, o cümlədən Bəndər-Abbasdakı dəniz infrastrukturlarına hücum edilməsi barədə yayılan məlumatları təkzib edib. Qurumun açıqlamasında hərbi hədəflərə qarşı pilotsuz uçuş aparatları ilə hücumun olmadığı vurğulanıb.
Partlayışların səbəbləri ilə bağlı araşdırmalar davam edir. Təhlükəsizlik orqanları istintaq yekunlaşdıqdan sonra ölən və yaralananların dəqiq sayını açıqlayacaqlar.

