BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sədrlərinə Mişel Baçellet beynəlxalq təşkilatın baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi ilə bağlı rəsmi bildiriş təqdim olunub.
Bu barədə Baş Assambleyanın 80-ci sessiyası sədrinin ofisinin nümayəndəsi La Neys Kollinz brifinqdə məlumat verib. Onun sözlərinə görə, namizədlik Çili, Braziliya və Meksika tərəfindən birgə təqdim olunub.
Qeyd edək ki, daha əvvəl Çili prezidenti Gabriel Boric də bu üç ölkənin Baçelleti BMT-nin baş katibi postuna birlikdə namizəd göstərəcəyini açıqlamışdı.
Mišel Baçellet iki dəfə Çilinin prezidenti olub — 2006–2010 və 2014–2018-ci illərdə. O, həmçinin 2018–2022-ci illərdə BMT-nin insan hüquqları üzrə ali komissarı vəzifəsini icra edib.
Baçellet Latın Amerikasından baş katib postuna namizəd olan yeganə şəxs deyil. Ötən ilin noyabrında Argentina Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Grossinin namizədliyini irəli sürüb.
Hazırkı BMT baş katibi António Guterresin səlahiyyət müddəti 31 dekabr 2026-cı ildə başa çatır. Baş katib Təhlükəsizlik Şurası tərəfindən seçilir və Baş Assambleya tərəfindən təsdiqlənir. Səlahiyyət müddəti 5 ildir və yenidən seçilmək mümkündür.
Mövcud praktikaya əsasən, BMT baş katibi Təhlükəsizlik Şurasının daimi üzvləri — Rusiya, ABŞ, Çin, Böyük Britaniya və Fransadan seçilmir.

