Böyük Britaniyanın liberal-demokratlar partiyasının lideri Ed Devi Baş nazir Kir Starmeri ABŞ Prezidenti Donald Trampa qarşı iddia qaldırmağa çağırıb. O, X sosial şəbəkəsində bildirib ki, Starmer ABŞ rəhbərindən Britaniya iqtisadiyyatına dəyən zərərə görə 134 milyard dollardan çox (təxminən 100 milyard funt sterlinq) kompensasiya tələb etməlidir.
Devinin təşəbbüsü ABŞ Ali Məhkəməsinin Trampın idxal rüsumları ilə bağlı qərarından sonra ticarət müharibəsinin gərginləşməsi fonunda səslənib.
“Tramp məhkəmə iddialarını sevir, ona görə də baş nazir də onun yolunu davam etdirməlidir. Starmer prezidentə qarşı Britaniya iqtisadiyyatına vurulan qanunsuz zərərə görə iddia qaldırmalıdır. Narahat olma, Donald, biz 100 milyard funtla kifayətlənərik — elə belə işləyir, deyilmi?” — deyə Devi yazıb.
Bu açıqlama ilə o, Trampın əvvəllər siyasi rəqiblərinə qarşı qaldırdığı çoxmilyardlıq iddialara işarə edib.
Xatırladaq ki, ABŞ Ali Məhkəməsi Trampın fövqəladə iqtisadi səlahiyyətlərə dair qanuna əsaslanaraq tətbiq etdiyi idxal rüsumlarını qanunsuz sayıb. Tramp isə “ehtiyat planının” olduğunu açıqlayaraq, rüsumları 10 faizdən 15 faizə qaldırıb. Britaniyalı siyasətçilər bu addımın Böyük Britaniya iqtisadiyyatına əlavə zərər vurduğunu bildirirlər.

