ABŞ prezidenti Donald Tramp Cənubi Koreya hakimiyyəti ilə Sеulun Amerika iqtisadiyyatına çoxmilyardlıq investisiyalar yatırması barədə razılığa gəldiyini bildirib.
DenMedia.az xəbər verir ki, bu, ABŞ-ın Cənubi Koreyaya tətbiq etdiyi idxal rüsumlarının azaldılması müqabilində baş tutub.
“Cənubi Koreya ABŞ-a 350 milyard dollar ödəməyə razılaşıb. Əvəzində, onlardan alınan gömrük rüsumları azaldılacaq. Bundan əlavə, onlar bizim neft və qazımızı çox böyük həcmdə alacaqlar, Cənubi Koreyanın varlı şirkət və iş adamlarının ölkəmizə yatıracağı sərmayələrin həcmi isə 600 milyard dolları keçəcək”, — Tramp Truth Social sosial şəbəkəsində yazıb.
Tramp həmçinin Cənubi Koreya Hərbi Dəniz Qüvvələri üçün atom sualtı qayığının ABŞ gəmiqayırma zavodunda inşasına icazə verdiyini bildirib.
“Cənubi Koreya atom sualtı qayığını elə burada, yaxşı köhnə ABŞ-da, Filadelfiya gəmiqayırma zavodunda tikəcək. Gəmiqayırma tezliklə ölkəmizə böyük miqyasda qayıdacaq”, — deyə o əlavə edib.

