İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ tərəfindən rəhbərliyin hədəfə alınması ehtimalına qarşı xüsusi göstərişlər verib.
Bu barədə The New York Times Tehran rəsmilərinə və digər mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Xamenei birbaşa özü tərəfindən təyin olunan bütün hərbi və siyasi rəhbərlər üçün dörd mümkün varis müəyyənləşdirib. O, həmçinin digər yüksək vəzifəli şəxslərə də özlərinə dörd alternativ varis hazırlamağı tapşırıb.
Nəşr iddia edir ki, Xamenei hələ ötən il öz postu üçün üç mümkün namizəd müəyyən edib. Onlardan biri kimi İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani göstərilir. Bildirilir ki, son aylarda Laricaninin səlahiyyətləri artıb — o, ölkədə son etirazların yatırılmasında və xarici tərəfdaşlarla, o cümlədən Rusiya ilə əlaqələrdə fəal rol oynayıb.
Məqalədə vurğulanır ki, bu şəraitdə İran prezidenti Məsud Pezeşkian ölkə idarəçiliyində daha az görünür və açıq şəkildə əsas qərarların Laricani tərəfindən verildiyini etiraf edir. Məsələn, internetin bərpası və ABŞ-la mümkün təmasların yenilənməsi məsələlərində son sözün Laricanidə olduğu bildirilir.
Mənbələrin məlumatına görə, Xameneinin digər nüfuzlu silahdaşları — hərbi məsələlər üzrə müşaviri Yəhya Rəhim Səfəvi, parlament sədri Məhəmməd Baqir Qalibaf və ali rəhbərin aparat rəhbəri Əli Əsgər Hicazi də ciddi təsir imkanlarına malikdir.
Bununla yanaşı, İran ordusunun ABŞ-la mümkün qarşıdurmaya hazırlaşdığı, o cümlədən İraq sərhədi və ölkənin cənubunda ballistik raketlərin yerləşdirildiyi bildirilir.

