İspaniyanın Ali Məhkəməsi razılıq olmadan əl öpməni cinsi zorakılıq aktı kimi tanıyıb. Bu barədə BBC məlumat yayıb.
Məhkəmədə 2023-cü ildə baş vermiş hadisəyə baxılıb. Həmin vaxt bir kişi Madriddə avtobus dayanacağında bir qadına yaxınlaşaraq onun əlini öpüb və jestlə onu ardınca getməyə çağırıb.
Yerli məhkəmə kişini cinsi zorakılıqda təqsirli bilərək 1,62 min avro cərimə edib. Bu qərar Madridin bələdiyyə məhkəməsi tərəfindən də təsdiqlənib.
Kişi hökmə etiraz edərək Ali Məhkəməyə müraciət edib. O bildirib ki, qadın özünü narahat hiss edə bilərdi, lakin bu hərəkət onun cinsi toxunulmazlığına təhlükə yaratmırdı. Müdafiə tərəfi hadisənin daha yüngül maddə ilə — ictimai yerdə narahat etmə kimi qiymətləndirilməsini istəyib.
Ali Məhkəmə isə hökmü dəyişməz saxlayıb və qeyd edib ki, kişinin hərəkətləri sadə narahatlıq həddini aşıb.
Bununla belə, bütün hakimlər bu qərarla razılaşmayıb. İki hakim fərqli mövqe bildirərək qeyd edib ki, əl öpmək İspaniya mədəniyyətində salamlaşma formasıdır və yanaqdan öpmə və ya əl sıxma kimi, bunu cinsi zorakılıq hesab etmək olmaz.
Qeyd edək ki, İspaniyada 2022-ci ildə qəbul edilən “bəli – bəli deməkdir” qanununa görə, cinsi əlaqə üçün razılıq açıq şəkildə bildirilməlidir. Sükut və ya passivlik razılıq sayılmır. Bu qanun 2016-cı ildə baş verən rezonanslı qrup zorlaması hadisəsindən sonra hazırlanıb.

