İranın yeni ali lideri Müctəba Xameneinin Tehranın mərkəzində yerləşən iqamətgahına edilən hava zərbəsi nəticəsində ağır xəsarətlər aldığı və hazırda bərpa olunduğu bildirilir.
Bu səbəbdən o, ictimaiyyət qarşısına və kameralar önünə çıxmır. Bu barədə Reuters agentliyi Xameneinin yaxın ətrafından olan üç mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində Xameneinin üzü ciddi şəkildə zədələnib, həmçinin bir və ya hər iki ayağından ağır xəsarətlər alıb.
Agentliyin mənbələri bildirir ki, fiziki zədələrə baxmayaraq, Müctəba Xamenei düşüncə aydınlığını qoruyur və dövlət idarəçiliyində aktiv iştirak edir. O, mütəmadi olaraq audioformatda müşavirələrə qoşulur və ABŞ-la münaqişə və danışıqlarla bağlı əsas qərarların qəbulunda iştirak edir.
Qeyd edək ki, martın 12-də The Sun qəzeti Tehrandan olan mənbəyə istinadən Xameneinin hava zərbəsi nəticəsində ağır yaralandığını və komada olduğunu yazmışdı. Nəşrin məlumatına görə, onun bir və ya hər iki ayağı amputasiya edilib, həmçinin qaraciyər və ya mədə nahiyəsində zədələnmə qeydə alınıb.

