Musiqiçi Con Lennonun qatilı Mark Devid Çepmen və “Samın oğlu” kimi tanınan seriyalı qatil Devid Berkoviç azadlığa buraxıla bilər. Bu barədə The New York Post məlumat yayıb. Bu, Nyu-York ştatında vaxtından əvvəl azad olunma ilə bağlı iki qanun layihəsinin qəbul ediləcəyi halda mümkün olacaq.
Qanun layihələrindən biri 55 yaşdan yuxarı, ən azı 15 il cəza çəkmiş məhkumların törətdikləri cinayətin ağırlığından asılı olmayaraq şərti azadlığa buraxılmasına imkan verəcək. Digəri isə “ədalətli və vaxtında şərti azadlığa buraxılma haqqında qanun” olub, cəmiyyət üçün təhlükə yaratmayan bütün məhbusların işinə baxılmasını məcburi edəcək.
Nəşrin məlumatına görə, yeni qaydalar ömürlük həbs cəzası alanlara da şamil oluna bilər. Azadlığa buraxıla biləcək şəxslər arasında Çepmen, Berkoviç, eləcə də atıcı Kolin Ferqyusonun adı çəkilir. Qanun layihələrinin bu il qəbul olunacağı istisna edilmir, lakin Nyu-York ştatının qubernatoru Keti Hoçulun onları dəstəkləyib-dəstəkləməyəcəyi hələ məlum deyil.

