Böyük Britaniyada bir həftə ərzində səhv nəticəsində altı məhbus azadlığa buraxılıb.
Bu barədə The Guardian nəşri Həbsxana Nəzarətçiləri Assosiasiyasına (POA) istinadla xəbər verib.
Hadisəyə səbəb, azyaşlıya qarşı zorakılığa görə məhkum edilmiş Efiopiya vətəndaşı Xaduş Kebatanın azadlığa buraxılması olub. 24 oktyabrda onu deportasiyaya hazırlanan xarici məhbuslar üçün nəzərdə tutulan həbsxanaya köçürməli idilər, lakin səhv nəticəsində o, azadlığa buraxılıb. Onun axtarışı iki gün davam edib.
Bundan sonra POA bildirib ki, ölkənin cəza müəssisələrində həmin həftə ərzində daha beş oxşar hadisə baş verib. Səhvən azadlığa buraxılanlardan biri hələ də tapılmayıb.
Assosiasiyanın rəhbəri Mark Ferherst qeyd edib ki, bu cür səhvlər son bir il ərzində sistematik hal alıb. Onun sözlərinə görə, bunun səbəbi personalın yetərincə hazırlıqlı olmaması və 2024-cü ildə həbsxanaların həddən artıq dolması fonunda tətbiq edilən erkən azad etmə proqramıdır.
Ədliyyə Nazirliyinin məlumatına görə, 2024-cü maliyyə ilində səhvən azadlığa buraxılma hallarının sayı 262-yə çatıb — bu da əvvəlki illə müqayisədə 128 faiz artım deməkdir.

