ABŞ Senatı Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatları yenidən başlatmaq səlahiyyətlərini məhdudlaşdıran qətnamə layihəsinin tam tərkibdə müzakirəyə çıxarılmasına dəstək verib.
Amerika KİV-lərinin məlumatına görə, prosedur səsverməsində 50 senator layihənin Senatın tam tərkibində nəzərdən keçirilməsinin lehinə səs verib.
İndiyədək qətnamə layihəsi yalnız komitə səviyyəsində müzakirə olunurdu. Səsvermənin nəticəsi isə o deməkdir ki, Senat sənəd üzrə yekun səsverməyə xeyli yaxınlaşıb.
Məlumata görə, layihənin müzakirəyə çıxarılmasını bir nəfər istisna olmaqla bütün demokrat senatorlar, həmçinin 4 respublikaçı senator dəstəkləyib.
Son aylarda ABŞ-da prezidentin Konqresin razılığı olmadan başqa bir dövlətə qarşı uzunmüddətli hərbi əməliyyatlar aparmaq hüququnun olub-olmaması ilə bağlı ciddi mübahisələr gedir.
Tramp administrasiyası bu məsələdə prezidentin səlahiyyətlərinə məhdudiyyət olmadığını hesab edir. Bir çox konqresmen isə belə hallarda yalnız icra hakimiyyətinin deyil, həm də qanunverici hakimiyyətin razılığının vacib olduğunu bildirir.

