ABŞ-da Çin istehsalı avtomobillərin, ehtiyat hissələrinin və proqram təminatının ölkəyə gətirilməsini tam qadağan etmək istəyirlər.
Bu barədə NBCNews.com məlumat yayıb.
Təşəbbüsün müəllifləri respublikaçı senator Bernie Moreno və demokrat senator Elissa Slotkindir. Morenonun sözlərinə görə, bu plan hətta belə avtomobillərin müvəqqəti idxalını da istisna edir.
“Beləliklə, biz ABŞ bazarını Çin avtomobil sənayesindən tam şəkildə bağlayırıq”, — deyə o bildirib.
Qeyd olunur ki, ABŞ Ticarət Nazirliyi artıq bu sahədə idxalı məhdudlaşdıran inzibati qərar qəbul edib. Lakin təşəbbüs müəllifləri bu məhdudiyyətlərin qanun səviyyəsində təsdiqlənməsini tələb edirlər.
Bu mövqeni Nümayəndələr Palatasından 70-dən çox demokrat dəstəkləyib və onlar prezident Donald Trampa müraciət edərək ABŞ bazarının Çin avtomobil istehsalçıları üçün tam bağlanmasını istəyiblər.
Bildirilir ki, təşəbbüs Trampın Çin lideri Si Cinpinlə planlaşdırılan görüşündən bir neçə həftə əvvəl ortaya çıxıb.

