Küveytin hava hücumundan müdafiə qüvvələri İran raketləri və pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumu dəf edib.
Bu barədə ölkə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Daha əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ Silahlı Qüvvələrinin İranın cənubunda, Hörmüzgan əyalətində, Hörmüz boğazı yaxınlığında yerləşən Sirik adasına hücum üçün istifadə etdiyi aviabazaya cavab zərbəsi endirdiyini açıqlamışdı. Lakin zərbənin konkret hansı bazaya endirildiyi göstərilməyib.
Ötən həftə İran qüvvələri ABŞ-ın istifadə etdiyi Əli əs-Salim aviabazasına ballistik raket buraxmışdı. Baza Küveytdə yerləşir.
ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı — CENTCOM isə bazar ertəsi bildirib ki, amerikalı hərbçilər həftəsonu özünümüdafiə məqsədilə Qoruk və Keşm adasında İran radarlarına və PUA idarəetmə məntəqələrinə zərbələr endiriblər. Bundan başqa, 2 pilotsuz uçuş aparatı vurulub.

