ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı — CENTCOM sosial media platforması X-dəki hesabında İranın Küveytə doğru ballistik raket buraxdığını bildirib.
Açıqlamada qeyd olunub ki, 27 mayda, ABŞ-ın şərq vaxtı ilə saat 22:17-də İran tərəfindən Küveyt istiqamətində ballistik raket buraxılıb və raket Küveyt qüvvələri tərəfindən uğurla zərərsizləşdirilib.
Hücum İranın 5 PUA buraxmasından sonra baş verib
Küveytə qarşı hücum açıqlamada atəşkəsin pozulması kimi qiymətləndirilib. Bildirilib ki, bu hadisə İranın 5 kamikadze pilotsuz uçuş aparatı buraxmasından bir neçə saat sonra baş verib.
Açıqlamaya görə, ABŞ ordusu həmin PUA-ları zərərsizləşdirib.
İran dövlət televiziyası isə səhərə yaxın ölkənin cənubundakı Bəndər-Abbasın şərqindən 3 partlayış səsinin eşidildiyini bildirmişdi.
ABŞ ordusu daha əvvəl bölgədəki Amerika qüvvələri və kommersiya dəniz nəqliyyatı üçün təhlükə yaratdığı iddiası ilə İranın cənubundakı hərbi bölgəyə hava zərbəsi endirdiyini açıqlamışdı.
İran İslam İnqilabı Keşikçiləri Korpusu da Bəndər-Abbasdakı hücuma cavab olaraq bölgədəki ABŞ aviabazasını hədəfə aldığını bəyan edib. Küveyt isə raket və pilotsuz uçuş aparatları ilə hücuma məruz qaldığını açıqlayıb.

