İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın Bəndər-Abbas bölgəsindəki hərəkətlərinə cavab olaraq Amerika aviabazasına zərbələr endirib. Bu barədə İran mediası məlumat yayıb.
“Bu səhər Amerika hərbçilərinin Bəndər-Abbas aeroportu yaxınlığındakı obyektə aviasiya sursatlarından istifadə etməklə həyata keçirdiyi təcavüzdən sonra bu hücumun mənbəyi olan Amerika aviabazası hədəfə alınıb”,
deyə IRIB dövlət telekanalı İİKK-nin bəyanatından sitat gətirib.
“Tasnim” agentliyi isə zərbələrin saat 04:50-də endirildiyini bildirib. Bununla belə, hücuma məruz qalan aviabazanın harada yerləşdiyi açıqlanmayıb.
Bu arada Amerika mediası diqqətə çatdırır ki, cümə axşamına keçən gecə Küveytdə hava hücumundan müdafiə qüvvələri raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumları dəf edib. Qeyd olunur ki, Küveytdə ABŞ-a məxsus hərbi obyektlər, o cümlədən aviabaza yerləşir.

