İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç Livandan İsrailə atılan hər raketə görə Beyrutun Dahiye bölgəsində 10 binanın dağıdılması çağırışını yenidən səsləndirib.
Smotriç X sosial şəbəkəsindəki paylaşımında ABŞ ilə İran arasında aparılan danışıqlara işarə edərək, “Hizbullah”ın vəziyyətdən istifadə edib İsrailin şimalını vurmasına imkan verilməyəcəyini iddia edib.
O, İsrailə qarşı hər raket və ya pilotsuz uçuş aparatı hücumuna cavab olaraq Dahiyedə 10 binanın bombalanmalı olduğunu bildirib və bunun dərhal həyata keçirilməsinə çağırıb.
Digər tərəfdən, İsrail ordusu Livandan atılan raketlər səbəbindən ölkənin şimalındakı bəzi yaşayış məntəqələrində həyəcan siqnallarının işə düşdüyünü açıqlayıb.
Açıqlamada raketlərin Livanın cənubunda yerləşən İsrail hərbçilərini hədəf aldığı bildirilib. Hadisə nəticəsində xəsarət alan olmadığı iddia edilib.
İsrail mətbuatı isə səhər saatlarında Livandan buraxılan pilotsuz uçuş aparatının sərhədi keçdiyini, bu səbəbdən İsrailin şimalındakı iki yaşayış məntəqəsində sirenlərin səsləndiyini yazıb.

