İranın İsrailin Zarzır şəhərinə endirdiyi raket zərbəsi nəticəsində azı 30 nəfər yaralanıb.
Bu barədə İsrailin təcili tibbi yardım xidməti “Magen David Adom” məlumat yayıb.
Məlumata görə, yaralananların əksəriyyəti atəş nəticəsində qırılan şüşə qırıntılarından xəsarət alıb.
Fövqəladə xidmətlərə istinadən Kan agentliyi bildirib ki, iki nəfər şrapnel yarası alıb, digərləri isə şüşə qırıntılarından yüngül xəsarətlər alıblar.
Yaralılardan altı nəfər xəstəxanaya yerləşdirilib. Onların arasında 12 və 13 yaşlı iki uşaq da var.
İsrail polisi zərbə nəticəsində bir binanın da zədələndiyini açıqlayıb.
Hadisə İsrailin şimalında hava həyəcanı siqnalları səsləndikdən sonra baş verib. İsrail hərbçiləri İrandan buraxılmış raketləri aşkar etdiklərini bildiriblər.
Bundan əvvəl isə İran İsrailə qarşı növbəti raket dalğası buraxıb, eyni vaxtda Livanın “Hizbullah” hərəkatı da ölkənin cənubundan hücum edib. Bu barədə İranın dövlət televiziyası IRIB məlumat yayıb.

