Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası parlament seçkilərində qalib gəlib və hökuməti təkbaşına formalaşdıracaq.
Bu, Ermənistan Mərkəzi Seçki Komissiyasının yekun məlumatlarından məlum olur.
MSK-nın açıqladığı nəticələrə görə, “Vətəndaş müqaviləsi” partiyası səslərin 49,7456 faizini toplayıb. “Güclü Ermənistan” bloku 23,271 faiz, “Ermənistan” bloku isə 9,9231 faiz səs qazanıb.
Müxalif “Çiçəklənən Ermənistan” partiyası parlamentə keçid baryerini aşa bilməyib. Partiya 58 287 səs, yəni 3,983 faiz toplayıb. Parlamentə düşmək üçün isə minimum 4 faiz səs tələb olunurdu.
Beləliklə, Ermənistan parlamentinə 3 siyasi qüvvə daxil olub: “Vətəndaş müqaviləsi”, “Güclü Ermənistan” bloku və “Ermənistan” bloku.
Səsvermədə 1 476 769 nəfər iştirak edib. Bu isə seçicilərin 58,9 faizi deməkdir.
Qeyd edək ki, ilkin nəticələrdə də Paşinyanın partiyası lider mövqedə idi. Reuters-in məlumatına görə, “Vətəndaş müqaviləsi” partiyası seçkilərdə təxminən 49,8 faiz səs toplamış, əsas rəqibi “Güclü Ermənistan” isə 23 faizdən çox nəticə göstərmişdi.

