Ermənistanda iyunun 7-də keçirilmiş parlament seçkilərinin yekun nəticələri iyunun 14-də açıqlanacaq.
Bu barədə respublikanın Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Ovakimyan məlumat verib.
“Cümə gününə qədər səslərin yenidən sayılması davam edəcək, düzəliş mərhələləri olacaq. Bundan sonra şikayət və müraciətlər qiymətləndiriləcək. Artıq iyunun 14-də yekun nəticələr elan ediləcək”, — deyə Ovakimyanın sözlərini Ermənistan mətbuatı sitat gətirib.
Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Bülletenlərin 100 faizinin işlənməsinin nəticələrinə görə, baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası seçicilərin 49,83 faiz səsini toplayıb.
İkinci yeri Rusiya iş adamı Samvel Karapetyanla əlaqələndirilən “Güclü Ermənistan” partiyası tutub. Partiya səslərin 23,28 faizini qazanıb.
Keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku isə seçicilərin 9,93 faizinin dəstəyini alıb.

