Ermənistanda “Güclü Ermənistan” bloku parlament seçkilərinin nəticələrinin etibarsız sayılması tələbi ilə Mərkəzi Seçki Komissiyasına müraciət edib.
RIA Novosti-nin məlumatına görə, bu barədə blokun nümayəndəsi Aram Vardevanyan bildirib. Onun sözlərinə görə, iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi blok iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrinin ləğvini tələb edir.
Vardevanyan müraciətin əsas səbəbi kimi səsvermə zamanı qeydə alınan pozuntuları göstərib.
“Biz seçkilərin nəticələrinin etibarsız sayılması ilə bağlı ərizəni MSK-ya təqdim edirik”, — deyə o bildirib.
Blok nümayəndəsinin sözlərinə görə, müraciətə yalnız səsvermə günü baş verən pozuntular deyil, həm də seçkiqabağı kampaniya dövründə aşkarlanan qanun pozuntuları əsas olub.
Vardevanyan qeyd edib ki, MSK-ya təqdim olunan ərizə Konstitusiya Məhkəməsinə müraciət etmək üçün zəruri mərhələdir.

