ABŞ səhiyyə və sosial xidmətlər naziri Robert Kennedi — kiçiyin bacısı Kerri Kennedi qardaşı ilə bağlı illər əvvəl baş verən qəribə hadisəni xatırladıb. Bu barədə HuffPost yazıb.
Kerri Kennedinin sözlərinə görə, 72 yaşlı qardaşı hər zaman heyvanları sevib, lakin onun bu marağının “başqa tərəfi” də olub. O, hadisənin illər əvvəl qızının dörd yaşının qeyd olunduğu ad günü məclisində baş verdiyini bildirib.
Kerri Kennedi danışıb ki, həmin gün bağda ilan görüb və bu barədə Robert Kennediyə zəng edib. Onun sözlərinə görə, Robert Kennedi az sonra bir əlində oğlu, digər əlində isə yastıq üzü ilə hadisə yerinə gəlib.
Bildirilib ki, gələcək nazir ilanı tutaraq torbaya salıb. Daha sonra onu uşaqlara göstərmək istəyib. Bu zaman ərazidə siçana bənzər kiçik heyvan görüb və onu da eyni torbaya qoyub.
Kerri Kennedinin iddiasına görə, uşaqlar ilanın həmin heyvana zərər verəcəyindən qorxublar. Bundan sonra Robert Kennedi əlini yenidən torbaya salıb və ilan onu bir neçə dəfə sancıb.
Daha sonra qonaqlar Robert Kennedinin evinə gediblər. Kerri Kennedinin sözlərinə görə, həmin vaxt hovuzda uşaqlar olub. O iddia edib ki, Robert Kennedi torbadakı ilanı çıxararaq uşaqların olduğu hovuza atıb.
“Bu, sizin Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin rəhbəri kimi görmək istədiyiniz adamdır? Sağlamlıq və təhlükəsizlik barədə heç bir anlayışı olmayan biri?” — Kerri Kennedi bildirib.
Kerri Kennedi qardaşının nazir postundan getməsinin tərəfdarı olduğunu deyib. O, Robert Kennedinin peyvəndlərlə bağlı elmi əsaslarla təsdiqlənməmiş iddialarına görə belə bir vəzifəyə etibar edilməməli olduğunu bildirib.
Bununla belə, Kerri Kennedi Roberti böyük qardaş kimi dəyərləndirdiyini, lakin onun bu qədər məsuliyyətli dövlət vəzifəsində olmasını doğru hesab etmədiyini qeyd edib.

