ABŞ-da Kennedi Mərkəzinin fasadından Donald Trampın adının silinməsi ilə bağlı qərar qəbul edilib.
Bu barədə CBS News əməkdaşlara göndərilən daxili xidməti qeydə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqtonda yerləşən Con F. Kennedi adına İfaçılıq Sənəti Mərkəzi federal məhkəmənin qərarından sonra bütün rəsmi materiallarda əvvəlki adına qayıtmalıdır. Mərkəzin əməkdaşlarına göndərilən daxili göstərişdə “Donald J. Trump” adına istinadların sənədlərdən, elektron imzalardan, blanklardan, lövhələrdən, broşürlərdən və veb-saytdan çıxarılması tapşırılıb. Bu dəyişikliklərin 12 iyun 2026-cı ilədək tamamlanması tələb olunur.
Məhkəmə qərarı 29 may 2026-cı ildə çıxarılıb. ABŞ dairə hakimi Kristofer Kuper mərkəzin idarə heyətinin Trampın adını qurumun adına əlavə etməklə səlahiyyətlərini aşdığına qərar verib. Qərara əsasən, bu cür ad dəyişikliyi yalnız Konqresin razılığı ilə mümkün ola bilər.
Məsələ Donald Trampın ikinci prezidentlik dövründə Kennedi Mərkəzinin idarə heyətində dəyişikliklər etməsindən sonra gündəmə gəlmişdi. Onun tərəfdarlarından ibarət heyətin mərkəzin adının dəyişdirilməsinə səs verdiyi, bundan sonra binanın xarici fasadına Trampın adı əlavə edildiyi bildirilirdi. Bu addım sənət ictimaiyyəti və Kennedi ailəsinin bəzi nümayəndələri tərəfindən tənqid olunmuşdu.
Hazırda mərkəzin rəsmi adı yenidən “The John F. Kennedy Center for the Performing Arts” kimi göstərilməlidir. Fiziki lövhələrin tam olaraq nə vaxt söküləcəyi dəqiq açıqlanmasa da, bütün yazılı və rəqəmsal istinadların bir həftə ərzində dəyişdirilməsi tələb olunur.

