Merilin Monronun ölümü və onun Kennedi qardaşları ilə iddia olunan münasibətləri illərdir Hollivud tarixinin ən müəmmalı mövzularından biri olaraq qalır. Aktrisanın həyatını araşdıran britaniyalı jurnalist Entoni Sammers bu hadisənin yeni detallarını ortaya qoyaraq bildirir ki, o, Monronun öldürüldüyünə dair sübut tapmayıb, lakin ölüm gecəsi baş verənlərin qəsdən ört-basdır edildiyinə dair ciddi izlər gördüyünü deyir.
Əsl adı Norma Cin Mortenson olan Merilin Monro 1926-cı il iyunun 1-də dünyaya gəlib. O, cəmi 36 yaşında vəfat etsə də, arxasında həm böyük şöhrət, həm də cavabsız qalan çoxsaylı suallar qoyub. Onun ölümü 1962-ci ilin avqustunda rəsmi olaraq “ehtimal olunan intihar” kimi qeydə alınıb. Lakin bu qərar aktrisanın ölümü ətrafında yaranan şayiələrin və sui-qəsd versiyalarının qarşısını ala bilməyib.

Hadisənin mərkəzində isə Monronun ABŞ Prezidenti Con Kennedi və onun qardaşı, o dövrdə ədliyyə naziri olan Robert Kennedi ilə iddia olunan münasibətləri dayanır. Sammersin araşdırmasına görə, Monro və Kennedi qardaşları tez-tez siyasətçilərin qohumu və aktrisanın dostu Piter Loufordun Malibudakı evində görüşüblər. Bəzi mənbələr Monronun əvvəlcə Con Kennedi, daha sonra Robert Kennedi ilə yaxın münasibət yaşadığını iddia etsə də, Kennedi ailəsi bunu heç vaxt təsdiqləməyib.
Araşdırmada ən diqqətçəkən məqamlardan biri Monronun izlənməsi və dinlənməsi ilə bağlı iddialardır. Keçmiş FTB agentləri və xüsusi detektivlərin sözlərinə görə, həm Monronun, həm də Loufordun evlərinə dinləmə cihazları yerləşdirilib. Sammers hesab edir ki, aktrisanın sol baxışları və Kennedilərlə əlaqələri o dövr üçün təhlükəsizlik baxımından narahatlıq yaradırdı.

Monronun ölüm gecəsi ilə bağlı rəsmi versiya da sual doğurur. Rəsmi məlumata görə, xidmətçi Yunis Marrey avqustun 5-də saat 03:00 radələrində aktrisanın otağında işığın yandığını görüb və psixiatr Ralf Qrinsonu çağırıb. Lakin Sammersin topladığı ifadələr Monronun vəziyyəti ilə bağlı xəbərin bundan xeyli əvvəl, avqustun 4-də axşam saatlarında yayıldığını göstərir. Bu isə onun ölüm vaxtı ilə bağlı ziddiyyətli mənzərə yaradır.
Jurnalistin fikrincə, əsas sirr Monronun öldürülüb-öldürülməməsində deyil, həmin gecə əslində nə baş verdiyinin niyə gizlədilməsindədir. Onun sözlərinə görə, aktrisanın ölümündə qətl versiyasını sübut edən dəlil yoxdur. Amma hadisələrin zaman xətti, telefon zəngləri və Robert Kennedinin həmin gün Los-Ancelesdə olub-olmaması ilə bağlı suallar hələ də açıq qalır.
Monronun yaxın dostu və saç ustası Sidni Qilaroff da sonradan bildirib ki, aktrisa ölüm gecəsi ona zəng edib, səsi yorğun və kədərli olub. Onun dediyinə görə, Monro özünü güclü kişilər tərəfindən aldadılmış və tək buraxılmış hiss edirdi. Aktrisanın xidmətçisi də Robert Kennedinin həmin gün evə gəldiyini və aralarında gərgin mübahisə yaşandığını iddia edib.
Bütün bunlara baxmayaraq, Sammersin yekun qənaəti belədir: Merilin Monronun ölümü qətl kimi sübut edilməyib, amma ölümündən sonra hadisələrin təqdim olunma forması ciddi şübhələr doğurur. Onun fikrincə, mümkün səbəb Kennedi qardaşları ilə bağlı siyasi qalmaqalın qarşısını almaq idi.
Monronun həyatı parıltı ilə ağrının iç-içə keçdiyi bir hekayə idi. O, sadəcə gözəllik simvolu deyil, çox oxuyan, siyasətlə maraqlanan, ağıllı və ciddiyə alınmaq istəyən bir qadın idi. Ölümündən az əvvəl jurnalist Riçard Merimana dediyi sözlər isə onun daxili istəyini ən yaxşı ifadə edir:
“Xahiş edirəm, məni zarafata çevirməyin... Mən sənətçi olmaq istəyirəm. Dürüstlüyünü qoruyan aktrisa olmaq istəyirəm.”

