Amerikalı aktyor Cim Kerri ilə bağlı sosial şəbəkələrdə müzakirələr yenidən alovlanıb. Pərəstişkarların bir qismi iddia edir ki, hazırda ictimaiyyət qarşısına çıxan şəxs əsl aktyor deyil və onun yerinə oxşarı və ya dublyoru təqdim olunur.
Müzakirələrə səbəb Parisdə keçirilən 51-ci “Sezar” mükafatlandırma mərasimi olub. Kerri burada kinematoqrafiyaya töhfəsinə görə fəxri mükafat alıb. Tədbirdən yayılan görüntülərdən sonra istifadəçilər onun simasının dəyişdiyini, mimikasının əvvəlki kimi olmadığını və baxışlarının fərqli göründüyünü yazıblar. Halbuki aktyor daha əvvəl plastik əməliyyat etdirməyəcəyini, komik kimi mimikasını qorumağın onun üçün prinsipial olduğunu demişdi.

Konspirologiya tərəfdarlarının yaydığı versiyaya görə, guya əsl Kerri 2015–2017-ci illər arasında vəfat edib və o vaxtdan bəri ictimaiyyətə onun “klonu” göstərilir. Onlar göz rənginin dəyişməsi, üz cizgilərinin fərqlənməsi, səs tonunun və davranış tərzinin əvvəlkindən daha sakit olması kimi məqamları əsas gətirirlər. Eyni zamanda, aktyorun 2017-ci ildən sonra filmlərdə daha az görünməsi də bu fərziyyələrə “sübut” kimi təqdim olunur.
Bununla belə, plastik cərrahlar məsələni fərqli izah edirlər. Onların fikrincə, üz cizgilərindəki dəyişikliklər yaş faktoru və mümkün kosmetik prosedurlarla – üz gərmə, filler və blefaroplastika kimi müdaxilələrlə bağlı ola bilər.

