Türkiyənin Ədliyyə Nazirliyinin İsrailin Baş naziri Benyamin Netanyahunun beynəlxalq axtarışa verilməsi üçün İnterpola müraciət etməsinə İsrail tərəfi sərt reaksiya verib.
Netanyahunun ofisi Türkiyənin addımını Prezident Rəcəb Tayyib Ərdoğanın İsrail rəhbərliyini qorxutmaq üçün “acınacaqlı cəhdi” adlandırıb.
Açıqlamada Ərdoğan antisemit siyasətçi kimi xarakterizə olunub və bildirilib ki, Türkiyə Prezidentinin İsrailə qarşı siyasətini Suriyaya da yaymağa çalışdığı iddia edilir.
Netanyahunun ofisinin bəyanatında deyilir:
“İndi o, İsrailə qarşı aqressiyasını Suriyaya da yaymağa çalışır, lakin İsrail buna dözməyəcək.”
İsrail tərəfi, həmçinin Ərdoğanı kürdlərə qarşı kütləvi qətllər, HƏMAS üzvlərinə sığınacaq vermək, Kiprin bir hissəsini işğal altında saxlamaq, çoxsaylı jurnalist və siyasətçiləri həbs etmək kimi bir sıra ağır ittihamlarla hədəfə alıb.
Bundan əvvəl Türkiyə Netanyahunun və daha bir israilli şəxsin saxlanılması üçün İnterpolun “qırmızı bülleteni”nin verilməsini tələb etdiyini açıqlamışdı. Müraciət Qəzzaya gedən “Global Sumud Flotilla”sına qarşı İsrailin müdaxiləsi ilə bağlı aparılan cinayət işi çərçivəsində edilib.
Türkiyə tərəfi isə İsrail Baş nazirinin ofisinin Ərdoğanla bağlı açıqlamalarını rədd edərək onları “tarixi faktlardan və siyasi ciddilikdən uzaq” adlandırıb.

