ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında Vaşinqtonda keçirilən görüşdə Türkiyəyə F-35 qırıcılarının satışı məsələsi gündəmə gətirilməyib.
Bu barədə İsrail Baş Nazirliyinin kommunikasiya direktoru Omer Dostri məlumat verib. Açıqlama son günlər Türkiyəyə mümkün F-35 satışı ilə bağlı ABŞ və İsrail arasında yaranan fikir ayrılığından sonra verilib.
Tramp daha əvvəl jurnalistlərin Netanyahunun Türkiyəyə F-35 satışına qarşı çıxması ilə bağlı sualına belə cavab vermişdi:
“Heç kim mənə nəyi satıb-satmayacağımızı deyə bilməz”.
ABŞ lideri bununla müdafiə məhsullarının ixracı ilə bağlı qərarların Vaşinqton tərəfindən verildiyini vurğulamışdı. O, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı “dostum” adlandıraraq Ankara ilə yaxşı münasibətlərə malik olduqlarını bildirmişdi.
Netanyahu isə Vaşinqtona səfərindən əvvəl Türkiyəyə F-35-lərin satışının İsrailin regiondakı hərbi üstünlüyünə təsir göstərə biləcəyini iddia edərək Tramp administrasiyasına etirazını çatdırmışdı.
Məlumata görə, Tramp–Netanyahu görüşündə əsasən İran, Qəzzadakı vəziyyət və regional təhlükəsizlik məsələləri müzakirə olunub. İsrail tərəfi Türkiyəyə F-35 satışı mövzusunun görüşün rəsmi gündəliyinə daxil edilmədiyini açıqlayıb.

