Finlandiya ilə İsrail arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair ictimaiyyətə açıqlanmayan anlaşma memorandumunun mövcud olduğu üzə çıxıb.
Yle-nin araşdırmasına görə, sənəd hərbi məhsulların tədqiqi, hazırlanması və satın alınması sahəsində iki ölkə arasında əməkdaşlığı təmin etmək məqsədi daşıyır. Finlandiya Müdafiə Nazirliyi memorandumun bağlanması barədə ictimaiyyətə məlumat vermədiyi üçün onun detalları uzun müddət açıqlanmayıb.
Memorandum ilk dəfə 2013-cü ildə bağlanıb. Sənədin müddəti başa çatmaq üzrə olduğu üçün Finlandiya 2024-cü ilin əvvəlində İsrailə əməkdaşlığın davam etdirilməsini təklif edib. Əvvəllər memorandum beşillik dövrlərlə uzadılsa da, bu dəfə onun müddətinin birbaşa 10 il – 2034-cü ilədək uzadılması qərara alınıb.
Razılaşmaya əsasən, Finlandiya və İsrail arasında birgə koordinasiya qrupu da yaradılıb və onun ən azı ildə bir dəfə toplaşması nəzərdə tutulur.
Memorandumun uzadılmasını Finlandiyanın müdafiə naziri Antti Häkkanen təsdiqləyib. Nazir İsraildən əvvəlki illərdə həyata keçirilmiş böyük həcmli silah satınalmalarını nəzərə alaraq əməkdaşlıqda qeyri-adi məqam görmədiyini bildirib. Yle isə sənədin uzadılmasının vaxtına diqqət çəkərək bunun 2024-cü ilin əvvəlində, Qəzzada müharibənin davam etdiyi dövrdə baş verdiyini vurğulayıb.
Finlandiya son illərdə İsrail müdafiə sənayesindən iri həcmli satınalmalar həyata keçirib. Bunların arasında 316 milyon avroluq “David’s Sling” hava hücumundan müdafiə sistemi, 213 milyon avroluq “Spike” tank əleyhinə raketləri və 162 milyon avroluq “Gabriel” gəmi əleyhinə raketləri var. Hazırda ölkələr arasında təxminən 20 müdafiə layihəsinin həyata keçirildiyi bildirilir.
İsrail Müdafiə Nazirliyinin nümayəndəsi isə Finlandiyanın əhəmiyyətini belə izah edib: ölkə İsrail üçün NATO-ya və daha geniş Avropa müdafiə bazarına çıxış imkanlarından biri hesab olunur.
Denmedia.az

