Ermənistan Rusiya ilə münasibətlərdə gərginlik yaratmaq istəmir və mövcud problemlərin konstruktiv, tərəfdaşlıq ruhunda aparılan dialoqla həll olunacağına ümid edir.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan brifinq zamanı bildirib.
“Biz rusiyalı həmkarlarımızın bəyanatlarını görürük. Lakin Ermənistan və Rusiya münasibətlərinə, siyasi dialoqumuza, iqtisadi əlaqələrimizə hər hansı gərginlik gətirmək niyyətimiz yoxdur. Bu, həm ikitərəfli əməkdaşlığa, həm də Aİİ və MDB kimi çoxtərəfli platformalara aiddir”, — deyə Mirzoyan bildirib.
Onun sözlərinə görə, mövcud olan və ya yarana biləcək bütün problemlərin sağlam, konstruktiv və tərəfdaşlıq dialoqu mühitində həll ediləcəyinə ümid edilir.
Mirzoyan qeyd edib ki, Ermənistan mallarının Rusiyaya ixracında yaranan problemləri bəzən Ermənistanın Avropayönlü və Qərbyönlü siyasəti ilə, yaxud qarşıdan gələn seçkilərlə əlaqələndirməyə çalışırlar. Lakin nazirin sözlərinə görə, bu cür ixrac problemləri əvvəllər də olub — həm tərəvəz, həm də alkoqollu məhsullarla bağlı oxşar hallar yaşanıb.
O əlavə edib ki, Ermənistan üçün, hər bir ölkədə olduğu kimi, iqtisadi diversifikasiya, tədarük və satış bazarlarının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.

