Mərakeşdən olan qeyri-qanuni miqrantlar avqustun 16-da, bazar günü İspaniyanın Ceuta eksklavında etiraz aksiyası keçiriblər. Bu barədə RTVE agentliyi məlumat yayıb.
Aksiya zamanı sahil ərazisində polis qüvvələri də toplaşıb. Ümumilikdə təxminən 200 əcnəbi etiraz aksiyasına qatılaraq sığınacaq tələb edib.
“Bu bazar günü Ceutanın Trampolin çimərliyində kortəbii salınmış düşərgədə yaşayan təxminən 200 miqrant sığınacaq verilməsini yüksək səslə tələb edərək aksiya keçirib”, – məlumatda bildirilib.
Şimali Afrikada, Mərakeşlə sərhəddə yerləşən İspaniyanın muxtar şəhəri Ceuta iyulun sonunda miqrantların kütləvi axını ilə üzləşmişdi. Miqrantlar şəhərə həm üzərək, həm də piyada daxil olublar.
İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin vaxtdan etibarən şəhərə təxminən 72 min nəfər daxil olub. Halbuki Ceutanın ümumi əhalisi təxminən 85 min nəfərdir.
Kütləvi axın zamanı 70-dən çox insan boğularaq və izdiham nəticəsində həyatını itirib. Qeyri-qanuni miqrantların böyük hissəsi daha sonra geri qaytarılıb.

