Hindistanın Benqaluru şəhərində göydələnin damında inşa edilən və ABŞ-dakı Ağ Evi xatırladan 17 milyon avroluq dəbdəbəli malikanə yenidən gündəmə gəlib. Maraqlısı budur ki, tikilinin sahibi illərdir burada yaşaya bilmir.
Haberler.com-un məlumatına görə, hindistanlı iş adamı Vicay Mallya üçün nəzərdə tutulan «Sky Mansion» adlı malikanə şəhərin mərkəzində yerləşən Kingfisher Towers göydələninin üzərində inşa edilib.

Yerdən təxminən 122 metr hündürlükdə yerləşən ikimərtəbəli malikanənin ümumi sahəsi 3700 kvadratmetrə yaxındır.
ABŞ prezidentlərinin rəsmi iqamətgahı olan Ağ Evin memarlığından ilhamlanaraq layihələndirilən tikili dəbdəbəli şəraiti ilə diqqət çəkir.
Malikanədə helikopter meydançası, açıq və qapalı hovuzlar, idman zalı, spa, geniş terraslar və yaşıllıqlarla əhatə olunmuş bağlar nəzərdə tutulub.
Bundan başqa, binanın ətrafındakı xüsusi müşahidə meydançalarından Benqaluru şəhərini 360 dərəcə izləmək mümkündür. Malikanəyə birbaşa çıxışı təmin edən ayrıca liftlər də layihəyə daxildir.

Lakin 17 milyon avroluq malikanə sahibinin maliyyə və hüquqi problemləri səbəbindən illərdir istifadəsiz qalıb.
Belə ki, Mallyaya məxsus Kingfisher Airlines aviaşirkətinin iflasından sonra iş adamı Hindistan banklarına olan böyük borclarına görə araşdırmalarla üzləşib.
Dələduzluq və çirkli pulların yuyulması ittihamları ilə üzləşən Mallya 2016-cı ildə Hindistanı tərk edərək Böyük Britaniyaya köçüb. İş adamı ona qarşı irəli sürülən ittihamları rədd edir.

Məlumata görə, onun banklara olan borcu 1 milyard dolları ötüb. Hindistan hakimiyyətinin başlatdığı hüquqi proseslər nəticəsində Mallyanın bir sıra əmlaklarına həbs qoyulub.
İş adamı ölkəni tərk edərkən göydələnin üzərindəki malikanənin tikintisi demək olar ki, tamamlanmaq üzrə olub. Lakin hüquqi problemlər səbəbindən o, burada yaşamaq imkanı əldə etməyib.

Kingfisher Towers kompleksi istifadəyə verilsə də, göydələnin damındakı malikanə illərdir boş qalır.
«Göydəki Ağ Ev» adlandırılan tikili qeyri-adi memarlığı, hovuzları, geniş bağları və şəhərin üzərindəki mövqeyi ilə Benqalurunun ən diqqətçəkən binalarından biri hesab olunur.

