İtaliyanın paytaxtı Romada yerləşən məşhur Kolizeydə iş zamanı faciəvi hadisə baş verib.
22 yaşlı texnik təxminən 10 metr hündürlükdən yıxılaraq həyatını itirib.
Türkiyə mətbuatının məlumatına görə, hadisə Romanın ən çox ziyarət edilən tarixi abidələrindən biri olan Kolizeydə işıqlandırma sisteminin quraşdırılması zamanı qeydə alınıb.
Kolizey Arxeoloji Parkının açıqlamasına əsasən, işlərə cəlb olunan 22 yaşlı Andrea Moretti təxminən 10 metr hündürlükdə yerləşən tikinti iskələsindən yıxılıb. Gənc işçi aldığı xəsarətlərdən həyatını itirib.
Faciə ilə əlaqədar sentyabrın 23-də Kolizeyin ikinci mərtəbəsi ziyarətçilər üçün bağlanıb.
İtaliya mətbuatının məlumatına görə, ölkədə ilin ilk yeddi ayı ərzində 430 işçi istehsalat qəzaları nəticəsində həyatını itirib.
Qeyd edək ki, əsl adı Flavi Amfiteatrı olan Kolizey eramızın 72–80-ci illərində inşa edilib. Roma imperiyası dövründə böyük tamaşalara və müxtəlif tədbirlərə ev sahibliyi edən tarixi tikili hazırda İtaliyanın ən çox ziyarət olunan turistik məkanlarından biridir.

