Denmedia.az marieclaire istinadən xəbər verir ki, media maqnatı Mark Zukerberq və həyat yoldaşı Prissilla Çan Mayamidə yerləşən qapalı Indian Creek adasında nəhəng malikanə alıblar. Yeni mülk cütlüyə 170 milyon dollara başa gəlib.
Əslində malikanə əvvəlcə 200 milyon dollara satışa çıxarılmışdı. Onun sahibi məşhur plastik cərrah Aaron Kollinz idi. Lakin danışıqlar nəticəsində qiymət endirilsə də, bu alış Mayami tarixində ən bahalı daşınmaz əmlak sövdələşməsi sayılır.

Bundan əvvəl şəhərdə ən bahalı evi rusiyalı milyarder Vladislav Doronin almışdı. O, 2025-ci ildə Star Island adasında yerləşən malikanəyə 120 milyon dollar ödəmişdi. Lakin bu rekord artıq Zukerberq tərəfindən yenilənib.
Malikanə “milyarderlərin bunkeri” adlandırılan süni Indian Creek adasında yerləşir. Adada təhlükəsizlik sistemi son dərəcə güclüdür – ərazi radar sistemləri və yüzlərlə videokamera ilə qorunur.

Burada dünyanın ən varlı insanları da mülkə sahibdir. Onların arasında Ceff Bezos, Cared Kuşner və İvanka Tramp, Julio İqlesias və Anna Kurnikova, Tom Breydi kimi məşhurlar var.
Adada cəmi 40 rezidensiya yerləşir. Digər ərazilərdə isə qolf meydançası, elit klub və yalnız sakinlər üçün nəzərdə tutulmuş xüsusi obyektlər fəaliyyət göstərir.

Paylaşılan 3D layihələrə görə Zukerberqin yeni malikanəsi 2500 kvadratmetr sahəyə malik olacaq. Ərazidə böyük yaxta körpüsü, hovuz, fəvvarə, istirahət zonası, caz lounge və geniş spa sahəsi yerləşəcək. Evin interyerində ağ mərmər və digər təbii materiallardan istifadə ediləcək.

Qeyd edək ki, bu malikanə Zukerberqin yeganə evi deyil. Onun Kaliforniya, Vaşinqton və Havayda da evləri var. Lakin o, əsasən Silicon Valley-in mərkəzi olan Palo-Alto şəhərində yaşayır.


