Britaniyanın keçmiş şahzadəsi Endryu Mauntbatten-Vindzora məxsus olduğu ehtimal edilən “Bentley” avtomobili təxminən 125 min funt-sterlinqə satışa çıxarılıb.
Avtomobil Donkasterdə fəaliyyət göstərən “Portland of Bawtry” dilerinin saytında satışa qoyulub. Onun dəqiq qiyməti 124 975 funt-sterlinq, təxminən 165 min dollar təşkil edir.
Avtomobilin yürüşü cəmi 7 min mil, təxminən 11 265 kilometrdir. “Bentley” altılitrlik mühərrik və tam ötürücü sistemlə təchiz olunub. Salonda masaj funksiyalı oturacaqlar və “Naim” audiosistemi quraşdırılıb. İnteryerdə kətan parça və yaşıl çalarlı dəridən istifadə edilib.
Bildirilir ki, kral sarayı avtomobili 2020-ci ildə 220 min funt-sterlinqə alıb, Endryu isə ondan 2021-ci ildən istifadə edib. Avtomobil əvvəllər “A03 DOY” fərdi dövlət nömrə nişanını daşıyıb. “DOY” “Duke of York” — York hersoqu ifadəsini bildirirdi.
Endryu bu avtomobillə atası şahzadə Filipin dəfn mərasiminə və nəvəsinin xaç suyuna salınma mərasiminə gedib.
2025-ci ildə avtomobilin fərdi nömrə nişanı götürülüb. Həmin dövrdə Endryunun amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələri ətrafındakı qalmaqal da yenidən gündəmdə olub.

