Britaniya kral ailəsi ilə bağlı qalmaqallı iddia səsləndirilib. Kral ailəsinin bioqrafı Endryu Launi bildirib ki, Kraliça II Elizabet həyatının son illərində ağır vəziyyətdə olub və faktiki olaraq ölkəni onun böyük oğlu idarə edib. Bu barədə Daily Mail yazır.
Bioqraf bu fikirləri Oksford ədəbiyyat festivalı zamanı səsləndirib. Onun sözlərinə görə, kraliça sağ olsa da, real idarəçilik artıq onun əlində deyildi. Launi iddia edir ki, məhz buna görə kraliça kiçik oğlu Şahzadə Endryu ilə bağlı qalmaqallara müdaxilə edə bilməyib.
“İnsanlar başa düşmür ki, ömrünün sonuna doğru o, artıq əvvəlki kimi deyildi. Endryu onun yanına gedib təsir göstərirdi,” — deyə bioqraf bildirib.
Bununla yanaşı, Daily Mail-in digər müəllifi Riçard İden bu iddialarla razılaşmır. O bildirib ki, həmin dövrdə kraliça ilə şəxsən görüşüb və onun tam aydın, məntiqli söhbətlər apardığını müşahidə edib. İden heç bir zəiflik əlaməti görmədiyini vurğulayıb.
Xatırladaq ki, Şahzadə Endryu bir neçə il ərzində cinsi zorakılıq ittihamları ilə gündəmə gəlib. Ən səs-küylü işlərdən biri Virciniya Roberts-Cuffre ilə bağlı olub. O iddia edib ki, 17 yaşında olarkən şahzadə ilə münasibətə məcbur edilib. Məhkəmə prosesindən yayınmaq üçün Endryu ona 12 milyon funt sterlinq ödəməyə razılaşıb.
Bu qalmaqaldan sonra şahzadə kral ailəsindəki rəsmi vəzifələrindən uzaqlaşdırılıb və bir çox titul və statuslarından məhrum edilib.

