Venesuelanın keçmiş prezidenti Nikolas Maduronun həyat yoldaşı Siliya Flores ABŞ həbsxanasında saxlanıldığı müddətdə ciddi sağlamlıq problemləri ilə üzləşib.
Associated Press agentliyinin onun vəkillərinə istinadən yaydığı məlumata görə, Flores iyul ayında kiçik infarkt keçirmiş ola bilər. Vəkillər onun həbsdə olduğu müddətdə 11 kiloqramdan çox arıqladığını bildiriblər.
Müdafiə tərəfinin sözlərinə görə, Flores əri ilə birlikdə ABŞ hərbçiləri tərəfindən saxlanılarkən aldığı xəsarətlər nəticəsində bədənində qalıcı çapıqlar yaranıb.
“Vəkillərin sözlərinə görə, Flores 25 funt (təxminən 11,3 kiloqram) arıqlayıb, həkimlər isə onun ürək əməliyyatına ehtiyac duya biləcəyini bildiriblər”, – AP-nin materialında qeyd olunur.
Floresin vəkilləri səhhəti ilə əlaqədar onun həbsdən azad edilərək ev dustaqlığına buraxılmasını istəyirlər.

