ABŞ hərbçiləri tərəfindən Karakasda iqamətgahının ələ keçirilməsi zamanı Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores xəsarət alıblar. Bu barədə NBC News mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ-ın “Delta” xüsusi təyinatlı bölmələri Venesuela liderinin evinə daxil olmaq üçün işıq-səs qumbaralarından istifadə ediblər.
Mənbə bildirib ki, nəticədə Maduro və həyat yoldaşı təhlükəsizlik otağının divarına və ya qapısına dəyərək əzilmə və göyərmələr alıblar. Onlar ABŞ Milli Qvardiyasının Nyu-Yorkun şimalında yerləşən bazasına aparan təyyarənin göyərtəsində tibbi müayinədən keçiblər.
Eyni zamanda, Maduronun və Venesuelanın birinci xanımının vəkilləri gecə reydi zamanı Siliya Floresin qabırğa sınıqları ala biləcəyini bildiriblər. CNN-in məlumatına görə, ABŞ hərbçiləri cütlüyü yataq otağında, onlar yatarkən saxlayıblar və nəzəri olaraq onların müqavimət göstərmək imkanı olmayıb.
Daha əvvəl bildirilib ki, ABŞ-ın Venesuelaya qarşı hərbi əməliyyatı zamanı yeddi amerikalı hərbçi yaralanıb. İlkin məlumata əsasən, onlardan beşi artıq xidmətə qayıdıb, iki nəfər isə müalicə alır. Dəqiqləşdirilir ki, hərbçilər odlu silah və qəlpə yaraları alıblar.
Bundan əvvəl məlum olub ki, Florida ştatının hakimiyyət orqanları Maduronun barəsində rəsmi ittihamların irəli sürülməsi üçün hüquqi bazanın hazırlanmasına başlayıblar. Florida qubernatoru Ron DeSantisin fikrincə, Venesuela rejiminin fəaliyyəti ştatın təhlükəsizliyinə və ictimai asayişinə birbaşa zərər vurub.

