İngiltərənin Pik-Distrikt bölgəsində yerləşən özəl kənd satışa çıxarılıb. “Darwin Lake” adlanan əmlak kompleksinin qiyməti 7,5 milyon funt sterlinq – təxminən 16,9 milyon manat müəyyən edilib.
Satış paketinə 17 daş kottec, 1,2 hektarlıq göl və təxminən 8 hektar torpaq sahəsi daxildir. Kənd Matlok şəhərinin yaxınlığında, Şeffilddən təxminən 35 kilometr cənubda yerləşir.
Gölün ətrafında yerləşən ənənəvi üslubda tikilmiş kotteclərin ümumi sahəsi təxminən 3 300 kvadratmetrdir. Evlərdə ümumilikdə 34 yataq otağı və 32 vanna otağı var.

Ərazidə yaşayış evləri ilə yanaşı, tədbir və toplantılar üçün nəzərdə tutulmuş “Darwin Hall”, ibadətgah və girişdə gözətçi evi də yerləşir.
Hazırda kompleks kurort kimi fəaliyyət göstərir. Əmlak agentlərinin sözlərinə görə, yeni sahibi buranı şəxsi ailə malikanəsinə çevirmək imkanına da sahib olacaq. Alıcı müvafiq icazə aldıqdan sonra əvvəl planlaşdırılan hotel və kurort layihəsinin əvəzinə ərazidə böyük əsas yaşayış evi də inşa etdirə bilər.
Kənd televiziya tamaşaçılarına da tanışdır. Burada məşhur aparıcı Qrem Nortonun təqdim etdiyi “The Neighbourhood” realiti-şousu çəkilib.
11 seriyadan ibarət proqramda iştirakçılar bu “kəndə” köçərək birgə yaşayıb və 250 min funt sterlinq – təxminən 562 min manatlıq mükafat uğrunda yarışıblar.

