İran Ekspertlər Şurasının üzvü Səid Sülh Mirzayi bildirib ki, Əli Xameneinin vəsiyyətnaməsi fevralın 28-də İsrailin hücumundan sonra yoxa çıxıb.
Bu barədə İranın “Asia News” nəşri məlumat yayıb.
Mirzayinin sözlərinə görə, hücum nəticəsində Xameneinin ofisində güclü yanğın baş verib. Vəsiyyətnamə də həmin binada saxlanılıb və indiyədək sənədi tapmaq mümkün olmayıb.
İranlı rəsmi bildirib ki, yanğının söndürülməsi səkkiz-doqquz saat davam edib.
“Səhər azanından axşam azanına qədər Ağanın ofisi yanırdı. Əməkdaşlar səkkiz-doqquz saat çalışdılar və yalnız bundan sonra yanğını söndürə bildik. Vəsiyyətnamə də orada idi. İndiyədək onu tapa bilməyiblər”, – deyə Mirzayi bildirib.
Onun sözlərinə görə, vəsiyyətnamə təhlükəsizlik məqsədilə xüsusi mühafizə olunan yerdə saxlanılıb və sənədin məhdud sayda surəti olub. Vəsiyyətnamənin elektron nüsxəsinin saxlandığı kompüterin də yanğında məhv olduğu iddia edilir.
Mirzayi Xameneinin hücumdan əvvəl vəsiyyətnaməsində müəyyən düzəlişlər etdiyini də bildirib.
İlkin açıqlamalardan sonra İran mediasında sənədin tamamilə məhv olduğu barədə xəbərlər yayılsa da, Mirzayi sonradan sözlərinin yanlış şərh edildiyini açıqlayıb.
O vurğulayıb ki, vəsiyyətnamənin yandığı və ya tamamilə məhv olduğu hələ təsdiqlənməyib. Sənədin harada olduğu isə naməlum olaraq qalır.

