ABŞ-də yaşayan 96 yaşlı qadın sosial şəbəkələrdə məşhurlaşaraq milyonlar qazanmağa başlayıb.
BBC-nin məlumatına görə, Konnektikut ştatında yaşayan Lillian Droniak sosial şəbəkələrdə 15 milyon izləyici toplayıb. “Droniak nənə” adı ilə tanınan qadın reklamdan qazandığı pulla qocalar evinin aylıq 12 min dollarlıq xərcini özü ödəyir.
O, iyun ayında qocalar evində məclis təşkil etdiyi üçün müəssisədən çıxarılmaqla hədələndiyini açıqlayaraq gündəmə gəlmişdi. Daha sonra tərəflər razılığa gəliblər. Razılaşmaya əsasən, qadın məclis təşkil edə bilər, lakin spirtli içki təqdim etməməlidir.
Lillian sosial şəbəkələr üçün videolar çəkməyə 2020-ci ildə nəvəsinin köməyi ilə başlayıb.
“Həmişə məşhur olacağımı bilirdim, sadəcə bunun 90 yaşımda baş verəcəyini düşünmürdüm”, – deyə o bildirib.
Nəvəsi onun qida və gözəllik markaları ilə reklam əməkdaşlığını idarə edir. Qazanılan pul həm qocalar evinin xərclərinə, həm də nəticələrinin gələcək təhsilinə sərf olunur.
“İnsanlar elə bilirlər ki, yaşlılar bütün günü oturub divara baxırlar. Mən isə göstərirəm ki, qocalmaq o qədər də pis deyil. Hələ də əylənirəm, məclislər təşkil edirəm, bəzən gəzməyə çıxıram”, – deyə Droniak bildirib.
Maraqlıdır ki, küçədə pərəstişkarları onu tanısa da, qocalar evindəki sakinlərin çoxu TikTok istifadə etmədiyi üçün onun məşhurluğundan xəbərsizdir.
Sosial şəbəkələrdə uğur qazanan yaşlı qadınlar təkcə Lillian deyil. Uelsdə yaşayan 82 yaşlı Viv Truran geyimlərini nümayiş etdirərək 800 mindən çox izləyici toplayıb. 85 yaşlı Qreys Geramita isə yemək videoları ilə milyonlarla insanın sevimlisinə çevrilib.

