Cənubi Kiprdə rusiyalı milyarder Roman Abramoviçin milyardlarla dollarlıq sərvətini gizlətməsi və vergidən yayınması ilə bağlı iddialar əsasında araşdırma başladılıb.
Bu barədə BBC-nin “Panorama” proqramı və beynəlxalq araşdırmaçı jurnalistlərin üzə çıxardığı sənədlərə istinadən məlumat yayılıb.
İddialara görə, Abramoviçə məxsus şirkətlərin maliyyə sənədlərində dəyişikliklər edilərək ən azı 10 milyard dollarlıq aktivlərin gizlədilməsinə kömək göstərilib.
Araşdırmada bildirilir ki, Cənubi Kiprdə qeydiyyatdan keçmiş “Amiscan Investments” şirkətinə məxsus yaxtalar, lüks evlər və şəxsi təyyarələrdən ibarət 672 milyon dollarlıq əmlak geriyə tarixlənmiş sənədlər vasitəsilə maliyyə hesabatlarından çıxarılıb.
İddiaların mərkəzində beynəlxalq audit şirkəti “Deloitte”un Kipr bölməsi də yer alır.
Kipr polisinin nümayəndəsi Andreas Anastasiades bildirib ki, əsasən 2003–2006-cı illərdə aparılmış maliyyə əməliyyatları araşdırılır. İstintaqın təxminən altı ay davam edə biləcəyi qeyd olunub.
“Deloitte Cyprus” qanunlara uyğun fəaliyyət göstərdiyini bildirib. Abramoviçin vəkilləri isə vergidən yayınma və sənədlərin qanunsuz dəyişdirilməsi ilə bağlı ittihamları rədd ediblər.
Hazırda araşdırma davam edir. İddialarla bağlı yekun cinayət faktı və ya məhkəmə hökmü açıqlanmayıb.

