ABŞ-ın ikinci ən böyük bankı Bank of America çirkli pulların yuyulmasına qarşı mübarizə və sanksiya qaydalarının pozulmasına görə 1,21 milyard dollardan çox cərimələnib.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, araşdırmalar zamanı bankın 5 milyard dollardan artıq şübhəli əməliyyatı vaxtında müəyyən edib aidiyyəti qurumlara bildirmədiyi aşkarlanıb. Bu əməliyyatların təxminən 1 milyard dolları milli təhlükəsizlik və digər prioritet qanunsuz maliyyə riskləri ilə əlaqələndirilib.
Maliyyə Cinayətləri ilə Mübarizə Şəbəkəsi – FinCEN bank üçün 1,2 milyard dollarlıq cərimə müəyyən edib. Lakin bunun 750 milyon dolları Valyuta Nəzarəti İdarəsinin – OCC-nin tətbiq etdiyi cərimə ilə əvəzləşdirilib. Buna görə Bank of America FinCEN-ə ayrıca 450 milyon dollar ödəyəcək.
OCC bankın çirkli pulların yuyulmasına qarşı nəzarət sistemində ciddi çatışmazlıqlar aşkar etdiyinə görə 750 milyon dollar cərimə tətbiq edib. Bu, qurumun tarixində tətbiq etdiyi ən böyük cərimədir.
Bundan əlavə, Xarici Aktivlərə Nəzarət İdarəsi – OFAC bankla 11,6 milyon dollarlıq razılaşma əldə edib. Söhbət Rusiya, Belarus, İran və digər sanksiya proqramları üzrə 475 ehtimal olunan pozuntudan gedir.
ABŞ Maliyyə Nazirliyi bildirib ki, Bank of America bəzi hallarda bloklanmış banklarla bağlı ödənişləri emal edib, sanksiya siyahılarının yenilənməsində gecikmələrə yol verib və bloklanmış şəxslərlə bağlı əməliyyatları vaxtında dayandırmayıb.
Bankdan həmçinin əvvəl gözdən qaçmış şübhəli əməliyyatları yenidən araşdırmaq və nəzarət sistemlərini təkmilləşdirmək tələb olunur.

