Ermənistan Azərbaycanın sülh sazişi imzalanmasına dair həm sərhəddə, həm də üçüncü ölkələrdə imkanları mümkün hesab edir. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin NTV telekanalına müsahibəsində açıqlama verib ki, sazişin imzalanma yeri və vaxtı ilə bağlı dərhal məsləhətləşmələrə başlamaq mümkündür. Mümkün məkanlar arasında Ermənistan-Azərbaycan sərhədi və hər iki tərəf üçün məqbul olan istənilən üçüncü ölkə nəzərdə tutulur.
Bunu Den.az- a şərh edən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sdəri Xəyal Bəşirov bildirib ki, Ararat Mirzoyan daha əvvəl Antalya Diplomatik Forumu çərçivəsində ikitərəfli münasibətlərin inkişafı üçün əsas məqsədin sülh sazişinin imzalanması üçün yer və gün tapmaq olduğunu bildirmişdi.
Azərbaycan Xarici İşlər Nazirliyi martın 13-də Ermənistanla sülh sazişi üzrə danışıqların bitdiyini elan edib. Bəyanatda Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığı qeyd olunub.
Azərbaycan dəfələrlə bəyan edib ki, sülh sazişinin imzalanması üçün Ermənistan iki şərti yerinə yetirməlidir: Ermənistan Konstitusiyasındakı Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaları aradan qaldırmalı, eləcə də ATƏT-in Minsk qrupunun və aidiyyəti strukturlarının buraxılmasını dəstəkləməlidir.
Ellada Rəsul
Den.az