Antalyada keçirilən Diplomatiya Forumu bölgənin əsas aktorlarının diplomatik müzakirələr aparması üçün önəmli platformaya çevrilib. Bu dəfə də Azərbaycan və Ermənistan nümayəndələri arasında panellər, ikitərəfli və üçtərəfli görüşlər keçirildi. Ancaq forumun ən diqqətçəkən məqamı Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın çıxışları və mövqeyi oldu. O, Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri ilə görüşdü, panel diskussiyalarında iştirak etdi və sülh barədə danışdı. Amma bu sadəcə danışıq idi. Ermənistan bu dəfə də ikiüzlülüyünü bir daha nümayiş etdirdi.
Mirzoyanın açıqlamalarından belə çıxır ki, Ermənistan razılaşdırılmış 17 maddəlik sülh sazişini imzalamağa hazırdır. Lakin bu, Ermənistan Konstitusiyası dəyişmədən baş verməlidir. Yəni İrəvan hələ də Azərbaycanın ərazi bütövlüyünə iddia bildirən Konstitusiyasını qorumaqda israrlıdır.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov məsələni açıq və sərt şəkildə ortaya qoydu: “Konstitusiya dəyişmədən sülh sazişi olmayacaq!” Bu, rəsmi Bakının qəti mövqeyidir.
Den.az xəbər verir ki, mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb:
""Antalya Diplomatiya Forumu” bölgə ölkələrinin təmsilçiləri üçün panellərdə və ikitərəfli görüşlərdə aktual mövzuları müzakirə etmək üçün faydalı platformadır. Bu mənada həm Azərbaycan, həm də Ermənistan təmsilçiləri Antalyadakı forumda müxtəlif görüşlər keçirir, fikir mübadiləsi apardılar. Bu forum Ermənistan üçün də əhəmiyyətli idi. Misal üçün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan forum çərçivəsində Azərbaycan və Türkiyənin xarici işlər naziri Hakan Fidan və Ceyhun Bayramovla ayrılıqda görüşdü, Azərbaycan və Gürcüstanın xarici işlər naziri ilə üçtərəfli görüşdə, o cümlədən azərbaycanlı həmkarıyla paneldə sülh sazişi ilə bağlı diskussiyada iştirak etdi.
Ararat Mirzoyanın açıqlamalarından anlaşıldı ki, rəsmi İrəvan razılaşdırılan 17 bəndlik sülh sazişinin imzalanmasını istəyir, ancaq Konstitusiya dəyişikliyini sonraya saxlayır. Ceyhun Bayramov rəsmi Bakının mövqeyini bir daha xatırladaraq Konstitusiya dəyişikliyi olmadan sülh sazişinin imzalanmasının mümkün olmayacağını vurğuladı. Paşinyan və onun komandası anlamlıdır ki, hakimiyyətləri müvəqqəti olduğundan onların yerinə gələnlər sülh sazişini deyil, Azərbaycana ərazi iddiasını ehtiva edən Konstitusiyanı əsas götürəcəklər. Bu isə yenidən münaqişə deməkdir. Paşinyan və onun komandası bunu istəmirsə, nə qədər gec deyil, Konstitusiya dəyişikliyinə getməlidir, bu halda hakimiyyət dəyişsə belə əsas sənədi dəyişmək istəməyəcək. Ararat Mirzoyan onu da söylədi ki, rəsmi Bakının ikinci tələbi – Minsk Qrupundan imtina etməyə hazırdırlar. Ancaq bu məsələdə də gözləmə mövqeyindədirlər. Mirzoyanın sözlərinə görə, İrəvan sülh sazişinin imzalandığı gün Minsk Qrupundan imtinanı rəsmiləşdirməyə hazırdılar. Halbuki, bunu sülh sazişi imzalamadan əvvəl etsələr, bu iki tərəf arasında daha bir məsələnin həllinə gətirib çıxarar ki, gərginlik azalar.
Bütün hallarda, Bakı ilə İrəvan arasında davamlı dialoq faydalıdır. Prezident İlham Əliyev ADA-da beynəlxalq forumda çıxışı zamanı söylədi ki, Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçilik təşəbbüslər göstərib və rəsmi Bakı bunun əleyhinə deyil. Rəsmi Tbilisi Azərbaycan və Ermənistan nümayəndərələri, qeyri hökumət təşkilatları arasında müxtəlif dialoq formatları təklif edib. Bu formatlarda da dialoq faydalı ola bilər. Erməni cəmiyyəti anlamalıdır ki, Azərbaycanla düşmənçiliyi davam etdirmək ənənəsindən imtina etməsələr, bu Ermənistanın sonunu yaxınlaşdıracaq. Biz tarixdən dərs almışıq və Ermənistanın separatçı fəaliyyətlərinə imkan verməyəcəyik. Nikol Paşinyan sülhdə maraqlı olduğunu büruzə verməyə çalışsa da, Prezident İlham Əliyevin də söylədiyi kimi, Ermənistanda revanşist qüvvələr hələ də güclüdür. Bu güclər isə Azərbaycanla sülhdə maraqlı deyillər. Erməni cəmiyyəti həmin gücləri keçmişdə olduğu yenə hakimiyyətə gətirsələr, növbəti məğlubiyyətdən qurtula bilməyəcəklər".