Azərbaycanın sülhyönümlü siyasət yürütməsinə və sülh təşəbbüsünü irəli sürməsinə baxmayaraq, Ermənistan yalan danışır.
Den.az xəbər verir ki, bunu deputat Ramil Həsən "Baku Tv"yə müsahibəsində deyib.
O qeyd edib ki, Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan, Ermənistan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə keçirilən panel müzakirə vacib məqamdır: "Bütün problemlər müharibədən sonra danışıqlar vasitəsilə həll olunur. Azərbaycanın sülhyönümlü siyasət yürütməsi, Azərbaycan xarici işlər nazirinin bu tip platformalarda açıq və rahat şəkildə iştirakı bu istiqamətdə atılan müsbət addımlardır".
"Lakin Ermənistan öz Konstitusiyasına Qarabağla bağlı vaxtilə etdiyi əlavəni aradan qaldırmır, bu azmış kimi Türkiyəyə ərazi iddiaları irəli sürür. Bütün bunları dünya ictimaiyyətinə özünə sərf edən tərzdə təqdim edir. Sanki Azərbaycan sülh istəmir, Ermənistan isə gecə-gündüz sülh üçün çalışır.
Reallıq ondan ibarətdir ki, Ermənistan öz Konstitusiyasından o əlavəni çıxarmayana qədər bölgəyə davamlı sülh gəlməyəcək. Azərbaycan haqlı olaraq sülh müqaviləsinin imzalanmasına çalışır", - R.Həsən bildirib.