Sentyabrın 19-da həbs edilən Adnan Əhmədzadə ilə bağlı mediada və sosial şəbəkələrdə müzakirələr artır. Məlumata görə, o, neft fırıldağında şübhəli bilinərək saxlanılıb. İddialara əsasən, o, Azərbaycan neftini xam neft məhsulları ilə qarışdırmaqda və bununla ölkə qanunvericiliyini kobud şəkildə pozmaqda ittiham olunur.
Bildirildiyi kimi, bu həbs korrupsiyaya qarşı mübarizə çərçivəsində atılan addımlardan biri kimi qiymətləndirilir. Üstəlik dövlətə qarşı bu təxribatda Rusiyanın iştirakının olduğu deyilir.
DenMedia.az xəbər verir ki, bu barədə danışan politoloq Əhəd Məmmədli deyib ki, iş adamlarının müxtəlif ölkələrlə ticarət əlaqələri və şəxsi münasibətləri ola bilər.
Onun fikrincə, Adnan Əhmədzadənin xarici kəşfiyyat orqanlarına işləyib-işləmədiyini hazırda söyləmək mümkün deyil:
“Bunu yalnız istintaq ortaya çıxara bilər. Həbs olunduğu məcəlləyə də diqqət yetirmək lazımdır, amma ortada fakt da olmalıdır. Hazırkı vəziyyət göstərir ki, o, dələduz və oğru kimi qiymətləndirilir.
Tanınmış futbolçu Leonel Messi ilə şəkil çəkdirməsi və onu Azərbaycana gətirməsi bəzi dairələr tərəfindən təbliğat kimi təqdim edildi, lakin bu, həqiqətən də ciddi bir fəaliyyət hesab edilə bilməz. Vaxtında yüksək vəzifədə olub və pul əldə edib. İndi məlum olur ki, dələduzluq halları mövcuddur. Bu məsələnin dərinliklərini araşdırmaq mütləqdir”.
Politoloqun sözlərinə görə, görünür ki, Adnan Əhmədzadənin SOCAR-da yüksək vəzifə tutaraq pul mənimsəməsi baş verib:
“Maaşla bu qədər sərvət toplaması mümkün deyil. Görünür, “qırmızı xətt”i keçdiyi üçün həbs edilib. Belə şəxslərdən biri Türkiyədə, digəri Amerikada, biri Avropada, digəri isə Rusiyada yaşayır, Azərbaycana gedib-gəlir və sosial mediada paylaşımlar edirlər. Bəzən onları Hacı Zeynalabdin Tağıyev kimi təqdim etməyə çalışırlar, amma bu davranışlar həqiqətən səmimi görünmür. Bu cür məsələlərin və onun hansı ölkələrə bağlılığının araşdırılması hüquq-mühafizə orqanlarının vəzifəsidir. Mütləq araşdırılmalı və ictimaiyyətə məlumat verilməlidir”.Globalinfo.az